Nazir müavini: “Yaşıl iqtisadiyyat”ın inkişafı dayanıqlılıq üçün vacibdir”

Nazir müavini: “Yaşıl iqtisadiyyat”ın inkişafı dayanıqlılıq üçün vacibdir”
Dostuna göndər xəbərdən agah olsun:

Dünyada iqlim dəyişmələri, azalan təbii ehtiyatlar və artan tələbat yaşıl iqtisadiyyatın inkişafını diktə edir. Bu, hər bir ölkənin dayanıqlı inkişafı üçün vacib faktora çevrilib.

Bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Bakıda “Yeni nəsil iqtisadiyyat: çağırışlar və perspektivlər” mövzusunda keçirilən “3-cü İqtisadi Əməkdaşlıq Təşkilatı Beyin Mərkəzləri Forumu”nda bildirib.

“Ölkəmizdə iqlim dəyişikliklərinə uyğunlaşmaq və ətraf mühitin qorunması prinsipi əsasında sosial-iqtisadi tərəqqiyə nail olmaq diqqət mərkəzindədir. Hazırda Yaşıl Dünya Naminə Həmrəylik İlində və COP29 ərəfəsində də ölkəmizdə bu səpkidə mühüm tədbirlər keçirilir. Ümumilikdə, ekoloji təmiz texnologiyaların tətbiqinin və yaşıl istehsalın artırılması, tullantıların təkrar emalı, çirklənmiş ərazilərin bərpasının təşviqi kimi məsələlərlə bağlı qarşıda mühüm vəzifələr var”, – deyə o qeyd edib.

“Hazırda ölkədə bərpaolunan enerji mənbələrindən alınan elektrik enerjisinin ümumi elektrik enerjisi istehsalında xüsusi çəkisi 14,4 % təşkil edir. 2030-cu ilə qədər elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin xüsusi çəkisinin nəzərəçarpacaq dərəcədə artırılması planlaşdırılır. Bu istiqamətdə atılan ən böyük addımlardan biri ötən il 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının istifadəyə verilməsidir. Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionunda və Qafqazda ən böyük günəş elektrik stansiyasıdır. Həmçinin, azad edilmiş Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonaları elan edilib. Bu bölgələrdə enerji infrastrukturunun tamamilə yaşıl texnologiyalar əsasında qurulması istiqamətində mühüm təşəbbüslər həyata keçirilir. Məsələn, bir neçə gün öncə Cəbrayılda 240 MVt-lıq “Şəfəq” Günəş Elektrik Stansiyasının tikilməsi məqsədilə bp, “SOCAR Green” və Azərbaycan İnvestisiya Şirkəti arasında Birgə İştirak Müqaviləsi imzalandı. Layihə birbaşa xarici investisiyaların cəlb edilməsi ilə ölkəmizin “yaşıl” keçid hədəfinin dəstəklənməsinə, Cəbrayılın iqtisadi inkişafı və günəş enerjisi potensialından istifadə etməklə bölgənin enerji təminatının gücləndirilməsinə, Xəzər dənizi və Səngəçal terminalında karbon emissiyalarının azaldılmasına töhfə verəcək”, – deyə nazir müavini əlavə edib.

“Həmçinin, bu istiqamətdə regional və beynəlxalq əməkdaşlıq layihələri də önəmlidir. Bu kontekstdə, Mərkəzi Asiyadan Azərbaycan vasitəsilə yaşıl enerjinin Avropaya ötürülməsini misal çəkərdim”, – deyə S.Bəşirli vurğulayıb.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45