Taksi şirkətləri bu hallarda cərimələnəcək – 40 min manatadək
İcazə olmadan taksi sifarişi operatoru kimi fəaliyyət göstərən vəzifəli şəxslər on min manat məbləğində, hüquqi şəxslər qırx min manat məbləğində cərimə ediləcək.
“Qafqazinfo” xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunda əksini tapıb.
Taksi sifarişi operatorları tərəfindən “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, taksi sifarişi xidmətinin göstərilməsi zamanı istifadə olunan fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatından keçirilməməsinə və fərdi məlumatların mühafizəsi ilə bağlı tələblərə riayət olunmamasına görə vəzifəli şəxslər beş min manat məbləğində, hüquqi şəxslər iyirmi min manat məbləğində cərimələnəcək.
Bundan əlavə taksi sifarişi operatorlarının informasiya sistemlərində olan taksi sifarişləri, habelə sürücünün iş və istirahət rejimi ilə bağlı məlumatların “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə real vaxt rejimində ötürülməsini təmin edən mexanizmin yaradılmamasına və ya həmin mexanizmin fəaliyyət göstərməməsinə görə vəzifəli şəxslər beş min manat məbləğində, hüquqi şəxslər iyirmi min manat məbləğində cərimə olunacaq.
Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi və avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, sürücülərin reysqabağı tibbi müayinəsinin təşkili imkanı barədə sənədləri və ya müvafiq xidmətlərdən istifadə olunmasına dair texniki məntəqə və ya tibb məntəqəsi ilə müqavilələri olmayan daşıyıcıya, habelə müvafiq buraxılış kartı və taksi minik avtomobillərinin sürücülərinin xüsusi hazırlıq keçməsini təsdiq edən sənədi olmayan sürücüyə taksi sifarişi xidmətinin göstərilməsinə görə vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə ediləcək.
(055) 436-46-45