Bayılda köhnə avtobusla sərnişin daşıyan sahibkar yeni avtobusların təkərlərini deşdi

Bayılda köhnə avtobusla sərnişin daşıyan sahibkar yeni avtobusların təkərlərini deşdi
Dostuna göndər xəbərdən agah olsun:

Bakıda köhnə marşrut sahibi yeni sahibkarın gətirdiyi avtobuslara hücum çəkib. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, Bayıl qəsəbəsində qəsəbədaxili marşrut kimi fəaliyyət göstərən 56 nömrəli marşrutun sahibi Niyazı adlı şəxs bu gün yeni xəttə çıxan digər sahibkarın işinə əngəl olub. Belə ki, avtobusların təkərlərini deşərək maddi ziyan vurduğu bildirilir. Digər tərəfdən, köhnə avtobuslarla xəttə çıxaraq sərnişin daşımağa davam edib.

Niyazı adlı şəxs Bayılda uzun illərdir köhnə avtobuslarla sərnişin daşıyır. İndiyədək BNA-ya qarşı çıxmaqla marşurutun yenilənməsinə etiraz etmişdi. Amma AYNA tərəfindən sentyabrın 5-də keçirilən müsabiqədə 56 nömrəli şəhərdaxili (Bayıl yaşayış sahəsi – Səbail rayonu, Salman Mümtaz küçəsi) marşrut üzrə hüquqi şəxs “Xan Nəqliyyat” MMC komissiya üzvləri tərəfindən qalib elan olunub. Amma Niyazı adlı naxçıvanlı iş adamı illərdir qoçuluq nümayiş etdirdiyi kimi indi də qanunlara tabe olmayaraq köhnə avtobusları xəttən çıxartmır.

Onun sürücülərinin əksəriyyəti dəfələrlə sürücülük hüququ olmadan avtobus sürdüyü üçün cəzalandırılıb. Sərxoş və narkotikin təsiri olanlar da aşkarlanıb. Amma Niyazi Bayılda qoçuluq etməkdə davam edir. Dəfələrlə qanunsuz hərəkətlərə yol verdiyi üçün polis tərəfindən cəzalandırılsa da ipə-sapa yatmır.

Onun köhnə avtobusları axşam saat 9 olmamış xəttən çıxır. Nəticədə sərnişinlər yollarda qalır. Ya da manatlıq taksilər işə düşür. Niyazi adlı iş adamına dəfələrlə xəbərdarlıq olunmuşdu ki, avtobusları yeniləsin. Ancaq o, qanunlara tabe olmadan köhnə avtobuslardan əl çəkmirdi. Bu gün isə yeni avtobuslara hücum çəkməklə dövlətə qarşı çıxdığını nümayiş etdirir. Onun yeni avtobuslara vurduğu ziyan əraziyə cəlb olunmuş polislərin müdaxiləsi ilə aradan qaldırılıb. Ümid edirik ki, barəsində qanuni formada digər tədbirlər də görüləcək. Çünki vətəndaşlar artıq normal ictimai nəqliyyat istəyir. Niyazi isə kimlərəsə güvənərək özünə dövləti saymayan sistem qurub.

Qeyd edək ki, eyni avtobuslar kiçik tutumlu olsa da, yenidir və isitmə-soyutma sisteminə malikdir. Ayaq üstdə duran sərnişinlərlə birlikdə 27 nəfəri daşıya bilir. Hazırda xəttə 4 yeni avtobus buraxılıb. Niyazi imkan versə bu gündən sərnişinlərə xidmət göstərəcək.

Əldə etdiyimiz son məlumata görə, Niyazi İsmayılov hazırda Səbail polisi tərəfindən saxlanılıb. Yeni avtobusların şüşələrini də qırmaqla hədə-qorxu gələn iş adamı barəsində ciddi tədbir görüləcək. Onun ziyan vurduğu avtobusların isə artıq 2 ədədi xəttə çıxıb. Digərləri də gün ərzində sərnişinlərə xidmət göstərəcək.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45