Moskvaya PUA hücumları olub. Ölən və yaralananlar var
Sentyabrın 10-na keçən gecə Ramenskidə (Rusiya) pilotsuz uçuş aparatlarının hücumu nəticəsində 46 yaşlı qadın həlak olub, üç nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov öz “Telegram” kanalında məlumat verib.
Bundan əlavə, Domodedovo, Podolsk və Lyuberetsk rayonları da dron hücumuna məruz qalıb.
Moskva meri Sergey Sobyaninin məlumatına görə, ümumilikdə 12 pilotsuz uçuş aparatı vurulub. Ramenskidə hücum nəticəsində çoxmənzilli binalar zərər çəkib, Sportivni küçəsində çoxmərtəbəli yaşayış binasının mənzillərində yanğınlar baş verib. Xilasetmə xidmətləri yanğınları operativ şəkildə söndürüblər. İlkin məlumata görə, binanın 11-ci və 12-ci mərtəbələrindəki mənzillər yanıb.
Təhlükəsizliyi təmin etmək üçün 43 nəfər müvəqqəti yaşayış məntəqələrinə yerləşdirilib və onlar üçün isti yemək təşkil edilib.
Hadisə ilə əlaqədar Moskva regionunun üç hava limanında – Vnukovo, Domodedovo və Jukovskidə mülki hava gəmilərinin uçuşlarına müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Rosaviasiya sərnişinlərin və ekipajların təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görür.
(055) 436-46-45