Azərbaycanda Məhkəmə Ekspertizası Şurası yaradılıb
İlham Əliyev
Prezident İlham Əliyev Məhkəmə Ekspertizası Şurasının yaradılması haqqında Sərəncam imzalayıb.
Sərəncamla məhkəmə ekspertizası sahəsində (bundan sonra – müvafiq sahə) dövlət idarəetməsinin və tənzimləməsinin təkmilləşdirilməsi, məhkəmə ekspertizası fəaliyyətinin beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi, habelə müvafiq sahədə vahid standartların hazırlanması və onların tətbiqinin təşviqi, kadr potensialının gücləndirilməsi məqsədilə aşağıdakı tərkibdə məşvərətçi əsaslarla fəaliyyət göstərən Məhkəmə Ekspertizası Şurası (bundan sonra – Şura) yaradılır:
Şuranın sədri
Azərbaycan Respublikasının ədliyyə naziri
Şuranın üzvləri:
Azərbaycan Respublikası daxili işlər nazirinin müavini
Azərbaycan Respublikası müdafiə nazirinin müavini
Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini
Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini
Azərbaycan Respublikası Baş prokurorunun müavini
Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyəti sədrinin müavini.
Şura aşağıdakı məsələlərlə bağlı təkliflərini hazırlayıb altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir:
– müvafiq sahənin inkişaf konsepsiyasının layihəsinə dair təkliflərini;
– müvafiq sahədə dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin elektronlaşdırılmasının, ümumi məlumat və bilik bazasının formalaşdırılması və həmin bazadan istifadənin əlçatanlığının təmin edilməsi və bu kimi digər məqsədlərə nail olunması üçün vahid informasiya sisteminin yaradılmasına dair təkliflərini;
– müvafiq sahədə dövlət orqanlarının (qurumlarının) fəaliyyət dairəsinin genişləndirilməsi imkanlarının təhlili əsasında təkliflərini;
– ayrı-ayrı ekspertiza növləri üzrə vahid standartların müəyyən olunmasına dair təkliflərini;
– müvafiq sahədə xüsusi təhsil proqramlarının (ixtisasların) açılması, habelə ali təhsil müəssisələrinin fəaliyyətinin məhkəmə ekspertizası fəaliyyəti ilə əlaqələndirilməsi imkanlarının təhlili əsasında təkliflərini;
– özəl ekspertiza fəaliyyətinin təşviqi istiqamətində təkliflərini;
– normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflərini;
Şura fəaliyyətinə dair iş qaydasını bir ay müddətində təsdiq etməli, müstəqil ekspertləri və mütəxəssisləri, habelə elmi müəssisələri (təşkilatları) öz fəaliyyətinə cəlb etməlidir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti Şuranın təklifləri əsasında müvafiq sahənin inkişafı və müvafiq sahədə fəaliyyət göstərən dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin müasir standartlara uyğun həyata keçirilməsinin təmini üçün zəruri maliyyə vəsaitinin müvafiq illərin dövlət büdcəsi layihələrində nəzərdə tutulması üçün tədbirlər görəcək və bu Sərəncamdan irəli gələn digər məsələləri həll edəcək.
(055) 436-46-45