Səfir: Misir və Azərbaycan müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edə bilər
Bakı ilə Qahirə arasında birbaşa aviareyslərin açılması Azərbaycan və Misir arasında turist axınının artmasına töhfə verəcək.
Bunu Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov Misirin “Əl-Əhram” qəzetinə müsahibəsində deyib.
“Təəssüflər olsun ki, 2023-cü ilin son statistikasına görə, Misirə 17 minə yaxın Azərbaycan vətəndaşı, Azərbaycana isə 7 minə yaxın Misir vətəndaşı səfər edib. Şarm Əl-Şeyxdən Bakıya birbaşa uçuşumuz var. İnanırıq ki, Qahirədən Bakıya birbaşa reysin olması, şübhəsiz ki, turistlərin sayını artıracaq”, – o bildirib.
Səfir qeyd edib ki, hər iki ölkənin dərin, zəngin tarixə və gözəl təbiətə malik olması onları səyahətçilər üçün cəlbedici edir: “Bundan əlavə, turistlər də bizim mətbəximizdən zövq ala bilərlər”.
Onun sözlərinə görə, Misir və Azərbaycan müxtəlif beynəlxalq mədəni, musiqi və idman tədbirlərinə ev sahibliyi etməyi də nəzərdən keçirə bilər: “Ötən il Qahirə Opera Teatrında Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş konsert təşkil olundu. Ümummilli Liderin xatirəsinə həsr olunmuş iki ölkənin komandaları arasında ilk kikboksinq turnirini də təşkil etdik. Bu il daha bir konsert və digər mədəni tədbirlər keçirməyi planlaşdırırıq”.
(055) 436-46-45