AFFA rəsmisi: Qazaxıstan bizdən çox güclü deyil
Qazaxıstan millisi bizdən çox güclü deyil.
Bunu “Report”a açıqlamasında futbol üzrə Azərbaycan yığmasının sabiq futolçusu Aslan Kərimov deyib.
AFFA-nın təhsil proqramının rəhbəri bu gün yoldaşlıq görüşü çərçivəsində Qazaxıstan ilə üz-üzə gələcək Azərbaycan millisinin şansları barədə danışıb: “Qazaxıstan millisi seçmə mərhələ oyunlarında özünü ən yaxşı tərəfdən göstərmişdi. Onların oyun üslubu təxminən Albaniya yığmasının sərgilədiyi performansla eynidir. Qazaxıstan rəqiblərini əks-hücumlarda yaxalamağı sevən bir kollektivdir. Bizimlə görüşdə də eyni tərzdə çıxış edəcəklər. Qazaxıstan millisi bizdən çox güclü deyil. Azərbaycanla görüşdə dominantlıq edəcəkləri inandırıcı deyil. Sadəcə, bəlli mövqelərdə oyunçuları var ki, əks-hücumlar zamanı təhlükəli vəziyyətlər yarada bilirlər. Şanları 50-nin 50-yə dəyərləndirərdim. İstənilən halda, nəzərə almalıyıq ki, bu, yoxlama görüşüdür”.
51 yaşlı mütəxəssis məşqçi Arif Əsədovun yığmamızı oyunlara yaxşı hazırladığını bildirib: “Arif Əsədovun millinin məşqçisi kimi gördüyü iş göz qabağındadır. Bolqarıstan ilə keçirdiyimiz yoxlama görüşündə meydana çox yaxşı komanda çıxarmışdı. Albaniya ilə matçda da pis oynamadıq. Təəssüf ki, müəyyən anlarda buraxdığımız səhvlər qolla nəticələndi. Məncə, artıq milli komandamızın baş məşqçisinin kim olacağı bəllidir. Sadəcə, bunu biz bilmirik. İstərdim ki, yerli mütəxəssis olsun. Lakin böyük ehtimalla yeni məşqçi əcnəbi olacaq. Kimliyindən asılı olmayaraq, kim gələcəksə, Azərbaycan futboluna yararlı biri olmalıdır, hər birimizin istəyi də budur”.
Qeyd edək ki, Azərbaycan – Qazaxıstan görüşü bu gün, saat 18:00-da Macarıstanın Sombatxey şəhərindəki “Haladas SportKomplexum”da keçiriləcək.
(055) 436-46-45