Göyçayda kollecdə 88 min manatdan çox pul mənimsənilib, cinayət işi başlanılıb
Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində 88 min manatdan çox pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə Göyçay Rayon Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, yol verilmiş qanunsuzluqlarla bağlı daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Araşdırma zamanı 2018-ci ilin yanvarın 1-dən 2023-cü ilin dekabrınadək maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılarkən Kollecinin vəzifəli şəxsləri tərəfindən balansda olan nəqliyyat vasitələrinə heç bir təmir işləri aparılmadan ehtiyat hissələrinin və yanacağın əsassız olaraq məxaricə silinməsi, həmçinin yerinə yetirilməyən təmir və abadlıq işlərinin dəyərinin qəbul aktlarına daxil edilməsi və digər yollarla ümumilikdə 88 min manatdan artıq pul vəsaitinin mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.
(055) 436-46-45