“Qazi” adından sui-istifadə: Neft mədənində torpaq sahəsini zəbt etməyə çalışdılar

“Qazi” adından sui-istifadə: Neft mədənində torpaq sahəsini zəbt etməyə çalışdılar
Dostuna göndər xəbərdən agah olsun:

“Qazi” adından istifadə edərək qanunsuz olaraq torpaq sahələrini zəbt edib, obyekt tikmək istəyən Şəhriyar Mirzəyev özünə xəsarət yetirib.

Hadisə 22 may tarixində axşam saatlarında baş verib.

Belə ki, sözügedən şəxs 10-a yaxın hərbi formalı “müharibə veteranı” ilə birgə “Bibiheybətneft” Neft və Qaz Çıxarma İdarəsinin (NQÇİ) Səbail rayonu, Bayıl yaşayış massivi, Arif İsmayılov küçəsində yerləşən mədən sahəsinə məxsus torpaq sahəsini zəbt edərək burada obyekt tikdirməyə cəhd göstərib.

Qeyd edilən ərazi isə 2976 sayılı neft quyusundan cəmi iki-üç metr məsafə var və obyekt elektrik yarımstansiyasının divarına bitişik ərazini əhatə edir. Vətəndaş gecə saatlarında əraziyə xeyli sayda işçi qüvvə cəlb edərək qanunsuz tikinti işlərini qısa müddətdə yekunlaşdırmağı planlaşdırıb. Lakin neft sənayesinə aid obyektlərin təhlükəsizliyini təmin edən mühafizəçilər tərəfindən aidiyyəti üzrə “Bibiheybətneft” NQÇİ-yə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə və Səbail Rayon İcra Hakimiyyətinə məlumat verilib.

Əraziyə gələn Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin, Səbail Rayon İcra Hakimiyyətinin və “Bibiheybətneft” NQÇİ-nin nümayəndələri ilə birlikdə həmin şəxslərlə tikintinin qeyri-qanuni olmasına dair izahedici söhbətlər aparılıb. Vətəndaş tikinti aparılan əraziyə dair heç bir sənədinin olmadığını, lakin Səbail Rayon İcra Hakimiyyəti tərəfindən ona obyekt tikintisi üçün icazə verildiyini əsas gətirərək tikinti işlərini başa çatdıracağını bildirib, polis əməkdaşları və digər qurumların nümayəndələrini nümayişkəranə şəkildə təhdid edərək tikilinin söküləcəyi təqdirdə özünə xəsarət yetirəcəyi ilə hədələyib.

Bildirək ki, qeyd olunan şəxslər qanunsuz tikintiyə müdaxilənin qarşısını almaq üçün gün ərzində ərazidə növbə çəkirlər.

Bütün xəbərdarlıqlara baxmayaraq Şəhriyar Mirzəyev və ətrafına topladığı şəxslər qanunsuz tikinti işlərini dayandırmadığı üçün 22 may 2024-cü il tarixində Səbail Rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən sözügedən ərazidə aparılmış hörgü işləri sökülüb. Bu zaman Mirzəyev üzərində gəzdirdiyi bıçaqla qollarını kəsərək özünə xəsarət yetirib.

Məlumat üçün bildirək ki, həmin şəxs bir müddətdir ki, qazi olduğunu əsas gətirərək qanunsuz olaraq torpaq sahələrini zəbt edərək burada obyekt tikməyə cəhd göstərir.

O, 2023-cü ilin noyabr ayında bir qrup müharibə iştirakçısı ilə birgə Bibibeybətdə yerləşən neft mədənin ərazisində 3451 saylı neft quyusundan 30 metr məsafədə özbaşına obyekt tikintisi həyata keçirməyə çalışsa da, qanunsuz əməlinin qarşısı alınıb, tikili isə sökülüb.

Vətəndaş həmin vaxt qollarına kəsici alətlə müxtəlif xəsarət yetirməyə çalışmaqla qanunsuz tikilinin sökülməsinə mane olmağa cəhdlər edib.

 

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45