Bakı Forumunda Azərbaycan liderinin mədəniyyətlərarası dialoqa töhfəsi yüksək qiymətləndirilib
Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Çoxtərəfli əməkdaşlığın inkişafında yumşaq gücün tətbiqi: həmrəyliyin möhkəmləndirilməsi və parçalanmaya qarşı müqavimət” mövzusunda plenar sessiyada keçirilib.
Plenar iclasda Birləşmiş Millətlər Təşkilatının, UNESCO-nun təmsilçiləri, Azərbaycan, Macarıstan, İndoneziya, Malayziya, Filippin, Sinqapur və s. dövlətlərin təmsilçiləri çıxış ediblər.
Onlar dünyada sülhün və təhlükəsizliyin təmin olunması, münaqişə risklərinin artması, mədəniyyətlərarası dialoq və tolerantlıq prinsipləri haqqında çıxışlar edib, müzakirələr aparıblar.
İştirakçılar bu cür forumun təşəbbüskarı olan Azərbaycana təşəkkür edib, Prezident İlham Əliyevin mədəniyyətlərarası dialoqa töhfəsini yüksək qiymətləndiriblər.
Qeyd edək ki, mayın 1-də Bakı Konqres Mərkəzində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib. Prezident İlham Əliyev Forumun açılış mərasimində nitq söyləyib.
Forum Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatı və ICESCO-nun tərəfdaşlığı ilə keçirilir. Tədbirdə 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qonaq iştirak edir.
Yüksək səviyyəli dövlət xadimləri, parlament rəhbərləri, dini liderlər, alimlər, jurnalistlər və müxtəlif etnik və mədəni qrupa daxil olan şəxslərdən ibarət iştirakçılar mənalı dialoq vasitəsilə sülh və qlobal təhlükəsizliyə doğru irəliləyişə nail olmaq üçün bir araya gəliblər.
Üç gün davam edəcək Forum çərçivəsində 4 plenar sessiyanın və 12 panel müzakirənin keçirilməsi nəzərdə tutulur. Müzakirə olunacaq mövzular təhsil, gənclər, iqlim dəyişikliyi, süni intellekt, mədəni irsin mühafizəsi, qanunsuz miqrasiya və digər sahələri əhatə edir.
Forum iştirakçılarının Azərbaycanın 30 illik işğaldan azad edilmiş ərazilərinə səfərlərinin təşkili də gözlənilir. Tədbir çərçivəsində Ağdamda və Şuşada xüsusi panel sessiyaların keçirilməsi də nəzərdə tutulur. Bu, eyni zamanda, Azərbaycanın işğaldan azad etdiyi ərazilərdən beynəlxalq ictimaiyyətə müraciət üçün bir platforma yaratmaq fürsətidir.
(055) 436-46-45