Ankara “Crocus” terrorçuları ilə bağlı məlumatları Moskvaya ötürüb
Ankara Moskva vilayətində “Crocus City Hall” konsert zalına hücumda iştirak edən terrorçuların Türkiyədə olması ilə bağlı məlumatları Moskvaya ötürüb.
Bu barədə “Hürriyet” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilir ki, həbs edilən dörd terrorçudan ikisi əvvəllər Türkiyəyə səfər edib. Onlar respublika ərazisinə Moskvadan gəliblər və yenidən Rusiyaya qayıdıblar. Onların Türkiyədə heç bir qeydiyyatları olmayıb.
Mənbələr əlavə ediblər ki, bu şəxslərlə bağlı Moskvadan əvvəlcədən heç bir xəbərdarlıq olmayıb.
“Təbii ki, Moskvadan gəlib qeydiyyatda olmayan iki nəfərin yenidən Moskvaya qayıtmasında anormal heç nə yoxdur. Ankara onların Türkiyədə olması faktları ilə bağlı hər bir məsələni diqqətlə araşdırıb. Rusiya tərəfi bu barədə məlumatlandırılmağa davam edəcək”, – deyə mənbədən vurğulanıb.
Xatırladaq ki, martın 22-də Krasnoqorskda “Crocus City Hall” konsert zalında terror aktı baş verib. Əlisilahlı dörd nəfər konsertə gələnlərə atəş açıb, partlayış törədib, daha sonra kompleksdə yanğın başlayıb. Terrorçular həbs olunublar. Onlar artıq sifarişçilər haqqında ifadə veriblər.
(055) 436-46-45