Dövlətə 1,6 mln. manat zərər vurmaqda təqsirləndirilən keçmiş baş həkim məhkəmə zalında həbs edilib
Dövlətə 1,6 mln. manat zərər vurmaqda təqsirləndirilən Sabunçu rayonu 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının keçmiş baş həkimi Rauf İsfəndiyarov məhkəmə zalında həbs edilib.
Bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə elan olunub.
“Report” xəbər verir ki Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili İlqar Rüstəmov vəsatət qaldıraraq zərərçəkmiş şəxs Dəniz Əsədovanın anlaqsız ifadələr verdiyini və psixoloji durumunda problemin olmasını əsaslandıraraq onun tibbi ekspertiza təyin edilməsini məhkəmədən xahiş edib.
Məhkəmə qısa müşavirədən sonra vəsatətin əsassız olduğunu göstərərək təmin etməyib.
Daha sonra zərərçəkmiş şəxsin vəkilləri Ceyhun Yusifov və Asim Abbasov vəsatət qaldırıblar.
Onlar bu iş üzrə şahidlərin çoxluğunun və təqsirləndirilən şəxsin zərərçəkmişlərə dəyən zərərin ödənilməməsi səbəbindən onun haqqında polisin nəzarət altına vermə qətimkan tədbirinin dəyişdirilərək barəsində həbs qətimkan tədbiri ilə əvəz edilməsini istəyiblər.
Məhkəmə qısa müşavirədən sonra zərərçəkmiş şəxsin vəkillərinin vəsatətlərini təmin edib və təqsirləndirilən şəxs Rauf İsfəndiyarovun məhkəmə zalında həbs edilməsi ilə bağlı qərar elan edib.
Daha sonra iş baxışa verilib.
Məhkəmənin ilk baxış iclası fevralın 6-na təyin edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxs Rauf İsfəndiyarova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq – külli miqdarda ziyan vurmaqla), 179.2.3-cü (mütəşəkkil dəstə tərəfindən və külli miqdarda mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 32.4.308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik etmə), 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə), 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma), 313, 32.4.313-cü (vəzifə saxtakarlığına təhrik etmə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.
İş üzrə 3 zərərçəkmişlər müğənni Dəniz Əsədova, Dövlət Sosial Müdafiə Fondu və Səhiyyə Nazirliyidir.
Əldə edilən məlumata görə, təqsirləndirilən şəxsin dövlətə vurduğu zərər 1 milyon 646 min manatdan artıqdır.
R.İsfəndiyarov müğənni Dəniz Əsədovadan isə aldatma yolu ilə 260 min və 59 min manat pul alıb. O, istintaq müddətində vəsaitin 100 min manatını geri qaytarsa da, digər hissəsini verməyib. Müğənni R.İsfəndiyarovun həbs edilərək ağır cəzalandırılmasını tələb edib.
(055) 436-46-45