Bakıda küçədə qadının gözünü çıxaran kişiyə hansı cəza verildi? – MƏHKƏMƏ

Dostuna göndər xəbərdən agah olsun:

Bakı şəhər Qaradağ rayonu Lökbatan qəsəbəsində qadının gözünü çıxaran şəxsə hökm oxunub.

Publika.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1990-cı il təvəllüdlü Samir Əliyev Cinayət Məcəlləsinin 126.2.4 və 221-ci (Qəsdən sağlamlığa ağır zərər vurma – xuliqanlıq niyyətilə və xuliqanlıq) maddələri ilə təqsirli bilinib.

Məhkəmə araşdırmaları zamanı məlum olub ki, Qaradağ rayonundakı kafelərdən birində çalışan Gülnarə adlı qadın oranın sahibi ilə mübahisə edib. Bu zaman kafenin Elbrus adlı sahibi onu Lökbatandakı avtoyuma məntəqəsinin yaxınlığında döyüb. Həmin vaxt məntəqənin yaxınlığında olan Samir adlı şəxs isə yaxınlaşaraq Elbrusa zərbələr endirib və onu həmin yerdən uzaqlaşdırıb. Bundan sonra Samir Gülnarə adlı qadına köməklik edəcəyini deyib və onu məntəqənin arxa hissəsində heç kimin olmadığı yerə aparıb. O, həmin qadına əxlaqsız təkliflər edib. Lakin qadının bundan imtina etməsini görərək onun baş nahiyəsinə – xüsusilə burun və gözünə naməlum əşya ilə ağır zərbələr endirib. Nəticədə qadının burun sümüyü sınıb, eyni zamanda Gülnarənin sol gözünün alması dağılaraq bir gözü kor olub.

Ekspertizanın rəyinə əsasən qadın görmə qabiliyyətinin 50 faizini, əmək qabiliyyətinin isə üçdə birini itirib.

O da məlum olub ki, Samir Əliyev əvvəllər də cinayət əməli törədib və 2021-ci ildə azadlığa buraxılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsi bu dəfə onu daha ağır cəzaya məhkum edib. Məhkəmənin 9 yanvar tarixli hökmü ilə ona 7 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45