Şəhid anası: “Arzum var ki, Qarabağ Universitetində magistraturanı oxuyum” – FOTO
Kürdəmir rayon sakini, 52 yaşlı Simuzər Bağıyeva orta məktəbi bitirdikdən 35 il sonra, 2023-cü ildə ali məktəbə qəbul olub.
AZƏRTAC xəbər verir ki, hazırda Lənkəran Dövlət Universitetinin birinci kurs tələbəsi olan Simuzər xanım uzun illər orta ixtisas təhsili üzrə rayon xəstəxanasında tibb bacısı işləyib.
Bununla kifayətlənməyərək ötən il fərdi qaydada hazırlaşaraq imtahanlarda iştirak edib, keçid balını toplayaraq tələbə adını qazanıb:
“Özümə inanırdım, qarşıma məqsəd qoydum və hədəfə çatdım. Düzdür, bu, o qədər də asan olmadı, həm işləmək, həm də uzun illər məktəbdən ayrılandan sonra yenidən dərs vəsaitləri ilə məşğul olmaq… Bir neçə müəllim yanına getməklə müxtəlif fənlərdən hazırlaşdım, sonra da imtahanlardan uğurla keçdim”, – deyə o bildirib.
Simuzər Bağıyeva ilk dərs günündən də söz açaraq deyib ki, əvvəl bir qədər həyəcanlı olsa da, sonradan öyrəşib:
“Düzdür, auditoriyaya girəndə bir az qəribə oldum, çünki hamısı uşaq idi, ən yaşlısı mən idim. Onlar mənim kiçik oğlumdan da balacadırlar. Amma bu, məndə kompleks yaratmadı, əslində, onlardan güc aldım, kiçik olmalarına baxmayaraq, mənə mənəvi dəstək verdilər”.
Simuzər ananın üç oğlu İkinci Qarabağ müharibəsinin iştirakçısı olub.
Böyük və kiçik övladı müharibədən sağ-salamat qayıtsa da, ortancıl oğlu gizir Cəmil Həşimli şəhidlik zirvəsinə ucalıb. Oğlunun şəhidlik zirvəsinə yüksəlməsindən bir müddət sonra özünü toparlayaraq yenidən ayaqları üstə durmağı bacaran ana övladının arzularını reallaşdırmağa qərar verib:
“Oxumaq arzum həmişə olsa da, bunu, əsasən, şəhid oğlumun istəyinə görə reallaşdırdım. Mən həmişə təhsilə, savada üstünlük vermişəm, öz zəhmətimlə övladlarımın ali təhsil almasına dəstək olmuşam. Düşünürdüm ki, nə vaxtsa mən də ali təhsil alacağam, görünür, bu günə qismət imiş. Bütün şəhid analarına da deyirəm ki, bu hadisələr artıq bizim başımıza gəlib, balalarımız şəhid olublar. Ona köklənib həyatımızı məhv etməməliyik, yaşamalıyıq ki, onları da yaşadaq. Çünki ağlamaqla, sızlamaqla şəhidlərimizi narahat edirik. Bu səbəbdən də bir şeylə məşğul olmalıyıq, ona görə də mən elə bu yolu seçdim”, – deyə o vurğulayıb.
Günün bir neçə saatını dərslərinə ayıran Simuzər xanım qarşıdan gələn imtahanlara hazırlaşır. Əsas hədəfi və planları isə hələ irəlidədir:
“Mən şəhid anasıyam, dərsimi oxumayım deyə bir şey yoxdur. Dərslərimi oxuyuram. Hələ bundan sonra arzum var ki, Qarabağ Universitetində magistraturanı oxuyum. Allahdan mən ömür yox, möhlət istəyirəm”.
Bu payız tələbə adı ilə bərabər, nənə adını da qazanan qəhrəmanımız asudə vaxtlarını nəvəsi ilə keçirir. Vaxtı olanda ev işlərində gəlininə kömək etməyi də unutmur.
(055) 436-46-45