Zaqatalada mağaza və evləri qarət edən şəxs saxlanılıb – FOTO
Zaqatala rayonunun Mamrux kəndində iki evdən və mağazadan oğurluq edilməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub. Evlərə və obyektə daxil olan naməlum şəxs 8 min manat dəyərində qızıl-zinət əşyaları, 4 min manat pul, 80 min Rusiya rublu, eləcə də ümumi dəyəri 1000 manatdan artıq olan siqaret və telefon danışıq kartlarını oğurlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən zərərçəkmişlərin həmkəndliləri, 2001-ci il təvəllüdlü Heydər Paşayev saxlanılıb.
O, əməlini etiraf edib və oğurladığının bir qismi maddi sübut kimi götürülərək istintaqa təhvil verilib. Araşdırma zamanı məlum olub ki, H.Paşayev niyyətini həyata keçirdikdən sonra Bakı şəhərinə gedib və özünə kirayə mənzil tutub. Cinayət yolu ilə əldə etdiyi pulların bir hissəsini paytaxtda əyləncə mərkəzlərində, qalanını isə geyim mağazalarında xərcləyib.
Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
(055) 436-46-45