FHN Bakıda inşa olunan bina ilə bağlı yayılan videoya münasibət bildirib – VİDEO
Bəzi sosial şəbəkə səhifələrində Bakı şəhərində inşası aparılan çoxmərtəbəli yaşayış binasının monolit dəmir-beton mərtəbə örtüyünün qalınlığının 10 sm və örtük tavasının alt və üst torlarına aid armaturların diametrinin 8 mm olmasının iddia edildiyi video yayılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
FHN-dən qeyd olunan məsələ ilə bağlı bildirilib ki, Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, 2036-cı məhəllədə qanunvericiliyin tələbləri gözlənilməklə “TRVEGE” MMC tərəfindən inşa edilən yaşayış kompleksinin tikintisi Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Ekspertiza Baş İdarəsi tərəfindən təsdiq edilmiş layihə əsasında aparılır:
“Belə ki, həmin layihə sənədlərində monolit dəmir-beton mərtəbə örtüyünün qalınlığı 16 sm və örtük tavasının alt və üst torlarının armaturlarının diametri 10 mm göstərilib və tikinti işləri layihə sənədlərinə tam uyğun olaraq yerinə yetirilir”.
Qeyd edilib ki, qüvvədə olan qanunvericiliyə əsasən, obyektə Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən bütün mərhələlər üzrə dövlət nəzarəti həyata keçirilir:
“Həmçinin, sosial şəbəkə səhifəsində məlum videonu paylaşan və sözügedən tikinti obyektində fəhlə kimi çalışan Elşən Eyvazov həmin videonu səhifəsində əlavə izləyici kütləsi qazanması və tikinti şirkəti ilə arasında gələcəkdə ehtimal etdiyi problemin qarşısının alınması məqsədilə qərəzli şəkildə hazırlayıb yaydığını etiraf edib”.
(055) 436-46-45