Bakı-İrəvan: Sülhə hazırlıq hansı mərhələdədir? – TƏHLİL
Qazax-İcevan sərhədində Azərbaycan və Ermənistan delimitasiya komissiyalarının görüşündən sonra ikitərəfli formatdakı dialoqların ali səviyyəsi aktuallaşır.
Azərbaycan regional riskləri minimum xətdə saxlamaq üçün Ermənistanla vasitəçi olmadan, ikitərəfli üslubda danışıqları təcili tədbirlər prioritetində saxlayır.
Bu, sülh prosesinin yekun əsaslı təmininə keçid səviyyəsini müəyyənləşdirir, hərçənd, Ermənistanın məntiqində brokersiz görüş uyğun sayılmır.
Hər halda, ikitərəfli müzakirələri var edib, onu canlı saxlamaq Bakı tərəfindən irəli sürülən tələbdir. Bu onu göstərir ki, Azərbaycan müxtəlif kanallar vasitəsilə Ermənistana intensiv şəkildə həmin formatın əhəmiyyətini çatdırır.
Sülh gündəliyinin tezliyi indi İrəvanın Bakıya verdiyi cavablardan və təqdim edəcəyi paketlərdən asılıdır.
Bu paketlərin içərisində regional gərginliyə rəvac verməyən elementlər çoxluq təşkil etsə və Bakının şərtlərinə razılıq əlamətləri üstün səviyyəyə çıxsa, onda sülh müqaviləsinin layihəsi hazırlanacaq.
Amma cari reallıqda Ermənistanın davranışları onun sülh qıtlığının yaradılması təşəbbüslərini ortaya qoyur.
Çünki:
1. Ermənistanın niyyətinin motivlərindən asılı olmayaraq, onun Rusiyanın qılafından çıxıb Qərbin çərçivələrinə söykənmək cəhdi regionun havasını çirkləndirir. Üstəgəl, bu hərəkət trayektoriyası Azərbaycana qarşı Qərbdə ucalan səslərin müşayiətində daha gərgin hal alır.
2. Regionda geosiyasi mübarizə Ermənistanın hüquqi müstəqillik subyektini eroziyaya məruz qoyur və İrəvanın manevr imkanları basdırıldıqca bölgədə rəqabət daha da şiddətlənir.
3. Ermənistan qeyd etdiyimiz iki bəndin fonunda Azərbaycanla münasibətlərin ruhuna qeyri-sağlam yanaşmasını saxlayır ki, bu da Bakını mümkün gələcək təhdidlərdən sığortalanmağa vadar edir.
Azərbaycanın milli və strateji hədəfləri Ermənistan üçün bir çağırış olmadıqca İrəvanla Bakı arasındakı sülh müqaviləsinin imzalanması ləngiyə bilər.
Ləngimənin isə bir həddi var, hələlik yubanma periodunda Bakı diplomatik-siyasi yollarla Ermənistanın öhdəliklərini gücləndirməyə çalışır.
Bu prosesin strukturunda mürəkkəblik və çətinlik kifayət qədərdir, ancaq həlli mümkünsüz bir variant da görünmür.
Belə bir varianta Ermənistanı inandırmaq üçün Azərbaycan regionda təhlükəsizliyi diversifikasiya edir və İrəvanın gələcək proseslərdəki yerini göstərən çağırışlarını gücləndirir.
Ermənistan öz resurslarını Azərbaycanın sülh kapitalına inteqrasiya etməsə, onda Bakının səbrinin daşacağını proqnozlaşdırmaq mümkünsüz görünmür.
Nəticə
Ermənistanın ikitərəfli danışıqlara gedib-getməyəcəyi özündən yox, ona direktivlər verən güclərin qərarlarından asılıdır. Azərbaycan isə Ermənistandan kənar qüvvələrin əlində alət olmadan mövqe tələb edir.
Aqşin Kərimov
(055) 436-46-45