Quba Şəhidlər Xiyabanındakı lövhədə səhvə yol verildi – FOTO
Quba şəhərindəki Şəhidlər Xiyabanında yerləşən lövhədə səhvə yol verilib.
Bununla bağlı ”Grammar.Azi” səhifəsi paylaşım edib.
Bildirilib ki, xiyabandakı lövhədə qeyd edilib ki, “Torpaq uğrunda ölən varsa Vətəndir”. Qeyd edilib ki, “Torpaq, (əgər) uğrunda ölən varsa, Vətəndir” deyimi türk şairi M.C.Kuntayın şeirindən götürülüb:
“Burada “Vətəndir” sözü böyük və ya kiçik hərflə yazıla bilər. Amma irad həmin sözə yox, cümlədəki vergüllərin olmaması ilə bağlıdır. Qarşımızda tabeli mürəkkəb cümlədir və burada şərt budaq cümləsi baş cümlənin ortasında işlənib.
Ona görə də hər iki tərəfdən vergüllə ayrılıb. Vergülün işlənmə qaydasına riayət etmək vacibdir, çünki cümləni “Torpaq uğrunda ölən varsa, Vətəndir” formasında yazsaq, onun mənası yanlış tərəfə dəyişir, yəni cümlədə “Torpaq uğrunda kim ölübsə, o şəxs Vətəndir” fikri nəzərdə tutulur.
Əsas fikir isə ondan ibarətdir ki, əgər bir torpaq uğrunda ölən varsa, o torpaq vətən sayılır. Yəni “Torpaq Vətəndir” baş cümlə, “uğrunda ölən varsa” hissəsi isə budaq cümlədir”.
(055) 436-46-45