Maliyyə Nazirliyi: “Ortamüddətli dövrdə avrobond buraxılışı nəzərdə tutulmur”
Maliyyə Nazirliyi ortamüddətli dövrdə avrobondların buraxılışını nəzərdə tutmur.
Bunu cavab olaraq Nazirliyin İctimaiyyətlə əlaqələr və vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri Mayis Piriyev bildirib.
Yaxın müddətdə daxili borclanmanın hansı alətlər hesabına həyata keçiriləcəyinə gəlincə isə, nazirlik rəsmisi deyib ki, hazırda qurumun daxili maliyyə bazarında emissiya etdiyi qiymətli kağızlar var ki, bunlar da dövriyyə müddəti 1 il, 2 il, 3 il, 5 il və 7 il olan dövlət istiqrazlarıdır: “Növbəti il də daxili borclanmanın eyni dövriyyə müddətli alətlər hesabına həyata keçirilməsi nəzərdə tutulur”.
Xatırladaq ki, Prezident İlham Əliyev oktyabrın 24-də icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin və dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı hədlərinin, habelə 2024-cü ilin sonuna hədəflənən icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin yuxarı həddinin müəyyən edilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı həddi 17,5 %, 2024-cü ilin sonuna isə 24 %, eləcə də dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbət göstəricisinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı həddi 30 % müəyyən edilib.
(055) 436-46-45