Ərdoğan: Zəngəzur dəhlizi region üçün geoiqtisadi inqilab olacaq

Agah.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən jurnalistlərə açıqlamasında Zəngəzur dəhlizinin əhəmiyyətini yüksək qiymətləndirib.
O bildirib ki, bu layihə təkcə Azərbaycan üçün deyil, bütövlükdə region üçün yeni imkanlar açacaq. Ərdoğan Zəngəzur dəhlizini geosiyasi olduğu qədər, həm də geoiqtisadi inqilabın bir hissəsi kimi dəyərləndirib:
“Zəngəzur dəhlizinin açılması Orta Dəhliz üçün də strateji bir inkişaf olacaq. Dəhliz istifadəyə verildikdən sonra türk malları Xəzər dənizindən keçməklə Mərkəzi Asiyaya və Çinə daha sürətlə çatacaq. Eyni zamanda, Avropadan Çinə daşınan yüklər də Türkiyə üzərindən keçməyə başlayacaq.”
Türkiyə Prezidenti əlavə edib ki, Ermənistan əvvəlcə dəhlizin əleyhinə olsa da, indi daha çevik və iqtisadi inteqrasiyaya açıq mövqe sərgiləyir. Ərdoğan vurğulayıb ki, bu dəhliz region ölkələri – Azərbaycan, Ermənistan, Türkiyə, İran və digərləri üçün real inkişaf fürsətidir.
Rəcəb Tayyib Ərdoğan, həmçinin Azərbaycan və Ermənistan arasında sülh sazişinin yekun mərhələyə çatdığını açıqlayıb:
“2024-cü ilin sonunda Brüssel, Moskva və Tbilisidə keçirilən görüşlər nəticəsində sülh sazişinin mətni üzrə razılıq əldə olunub. İmzalanacaq bu sənəd regionda ab-havanı tamamilə dəyişəcək.”