Bakı-Xankəndi-Laçın marşrutu üzrə yeni avtobus reysi istifadəyə verilir

Agah.az xəbər verir ki, iyulun 7-dən etibarən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakı-Xankəndi-Laçın istiqamətində növbəti müntəzəm avtobus reysini istifadəyə verir.
Yeni reysin məqsədi işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşların rahat və keyfiyyətli nəqliyyat xidməti ilə təmin edilməsidir.
Avtobuslar hər gün saat 11:00-da Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola düşəcək. Marşrut üzrə aralıq dayanacaqlar Xocalı, Xankəndi və Şuşa şəhərləri olacaq. Geriyə istiqamətdə isə avtobuslar Laçından saat 09:00-da, Şuşadan 10:00-da, Xankəndidən 10:30-da, Xocalıdan isə 11:00-da çıxacaq.
Bilet qiymətləri aşağıdakı kimidir:
-
Bakı–Laçın və əksinə – 16,1 manat
-
Bakı–Şuşa və əksinə – 14,8 manat
-
Bakı–Xankəndi və əksinə – 14,2 manat
-
Bakı–Xocalı və əksinə – 13,9 manat
Biletləri yalnız biletim.az portalı vasitəsilə onlayn şəkildə əldə etmək mümkündür. Bilet alarkən işğaldan azad olunmuş ərazilərə girişlə bağlı buraxılış qaydalarına uyğun icazənin olması mütləqdir.