İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Xankəndidə görüşüblər

Agah.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev iyulun 4-də Xankəndi şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Görüş zamanı Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünün yüksək səviyyədə keçdiyini vurğulayıb. Azərbaycan Prezidenti isə Türkiyə Prezidentinə Zirvə görüşündə iştiraka görə təşəkkürünü bildirib.
Söhbət zamanı qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Rəcəb Tayyib Ərdoğan bir daha qeyd edib ki, Türkiyə hər zaman və hər bir məsələdə qardaş Azərbaycanın yanındadır və bu dəstək bundan sonra da davam edəcək.
Prezident İlham Əliyev də Türkiyənin bu mövqeyinə görə təşəkkür edərək, Azərbaycanın həm sevincli, həm də kədərli günlərdə qardaş Türkiyənin yanında olduğunu vurğulayıb.
Görüşdə iki ölkə arasında əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq kəsb edən məsələlər müzakirə olunub.