Beyin cərrahı 32 saatlıq əməliyyatı izah etdi: “Protokol pozulmayıb, əsas nəticədir”

Agah.az xəbər verir ki, beyin cərrahı Pərvin Mirzəliyev sosial şəbəkələrdə 32 saatlıq əməliyyata dair iradlara cavab verib. İddialara görə, beynəlxalq tibbi protokollarda ağır əməliyyatların 12 saatdan artıq aparılması məqsədəuyğun sayılmır. Lakin həkim bildirib ki, bu konkret halda tibbi protokolların heç biri pozulmayıb.
Pərvin Mirzəliyevin sözlərinə görə, əməliyyat olunan 51 yaşlı pasiyent “əməliyyat olunmazlar” siyahısında yer alırdı. Onun beynində sağ tərəfdə qanamış damar yumağı aşkarlanmışdı. Ani vəziyyətin pisləşməsi səbəbindən təcili əməliyyata ehtiyac yaranıb:
“Pasiyentin vəziyyəti ağır qanama səbəbindən qəfil pisləşdi. Ona görə əməliyyata məcbur başladıq. Əməliyyatdan öncə ailə üzvlərinə vəziyyət rəsmi və qeyri-rəsmi qaydada detallı şəkildə izah edildi.”
Cərrah qeyd edib ki, əməliyyatda tək olmayıb və 4 cərrah növbəli şəkildə iştirak edib:
“Əsas cərrah mən idim, amma prosesə tək rəhbərlik etməmişəm. Əməliyyatda ümumilikdə 4 cərrah iştirak edib. Hər 4-5 saatdan bir cərrahlar dəyişib, yəni fasiləsiz olaraq tək mən çalışmamışam.”
Əməliyyatın uzun çəkməsinə səbəb isə pasiyentin vəziyyətinin ağırlığı olub:
“Prosedur zamanı güclü qanaxma baş verib, 10-dan çox qan köçürülüb. Hətta anestezioloqlar təzyiqin sabitləşməsi üçün fasilə etməyi tövsiyə etdilər. Amma bu tip əməliyyatlarda proses yarımçıq saxlanıla bilməz. Bu səbəbdən burada saatın önəmi yoxdur – əsas olan nəticədir.”