Bakı və regionlarda yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Agah.az xəbər verir ki, son bir həftə ərzində Bakı şəhəri, Abşeron, İmişli və Füzuli rayonlarında keçirilən nəzarət tədbirləri zamanı yaşıllıqların qanunsuz şəkildə kəsildiyi müəyyən edilib. Bu barədə məlumatı Dövlət Ekoloji Təhlükəsizlik Xidməti yayıb.
Araşdırmalar zamanı Bakı şəhəri Xətai rayonu Gəncə prospekti, N.Tusi küçəsi 28 ünvanında, Abşeron rayonunun Xırdalan şəhəri Heydər Əliyev prospekti 167-də, eləcə də İmişli və Füzuli rayonlarının müxtəlif ərazilərində ağacların qanunsuz kəsildiyi aşkarlanıb. Qanunsuz kəsmə nəticəsində yaşıllıqlara ümumilikdə 81 470 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.
Faktlarla bağlı toplanmış materiallar cinayət tərkibi doğurduğuna görə hüquqi qiymət verilməsi məqsədilə Baş Prokurorluğa göndərilmək üçün hazırlanır.