HƏMAS İsraillə atəşkəsə razılıq verdi – Rəsmi açıqlama gözlənilir

Agah.az xəbər verir ki, HƏMAS hərəkatı İsraillə atəşkəs təklifinə müsbət cavab verdiyini vasitəçilər vasitəsilə çatdırıb. Məlumatı İsrailin “Ynet” informasiya portalı yayıb. Bildirilir ki, yaxın saatlarda bu barədə HƏMAS tərəfindən rəsmi açıqlama veriləcəyi gözlənilir.
Qeyd edək ki, bundan öncə radikal qruplaşma öz “Telegram” kanalında vasitəçilərin təkliflərini öyrəndiklərini və istənilən razılaşmanın əsas şərtləri sırasında Qəzzada hərbi əməliyyatların tam dayandırılması, İsrail ordusunun bölgədən çıxarılması və humanitar yardımın çatdırılması məsələlərinin yer almalı olduğunu bildirmişdi.
HƏMAS-a yaxın “Maan” agentliyinin məlumatına görə, yeni atəşkəs təşəbbüsü 60 günlük döyüşsüz dövrü, 10 girovun azad edilməsini, 18 israilli girovun cəsədinin təhvil verilməsini və İsrail qoşunlarının Rəfah və Xan-Yunis arasında yerləşən “Moraq” xəttinin arxasına çəkilməsini nəzərdə tutur.