Daha iki boksçumuz Dünya Kubokunun yarımfinalına yüksəldi

Agah.az xəbər verir ki, Qazaxıstanın paytaxtı Astanada keçirilən boks üzrə Dünya Kubokunun 1/4 final mərhələsi yekunlaşıb. Azərbaycan millisinin daha iki üzvü – Məhəmmədəli Qasımzadə və Məhəmməd Abdullayev – mərhələni qələbə ilə başa vuraraq yarımfinala vəsiqə qazanıblar.
60 kq çəki dərəcəsində çıxış edən Məhəmmədəli Qasımzadə Dominikan Respublikasından olan Yohan Aquera üzərində tam üstünlüklə 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanıb. O, yarımfinalda braziliyalı Luis Qabriel do Naskimento ilə qarşılaşacaq.
+90 kq çəki dərəcəsində mübarizə aparan Məhəmməd Abdullayev isə Cənubi Koreyalı Taeunq Yu üzərində 5:0 (29:26, 29:26, 29:26, 29:25, 29:26) hesabı ilə qalib gəlib. Növbəti mərhələdə o, qazaxıstanlı Albek Oralbayla qarşılaşacaq.
Xatırladaq ki, bundan əvvəl 50 kq çəki dərəcəsində çıxış edən Sübhan Məmmədov da yarımfinala yüksəlib və o, ev sahibi Qazaxıstan təmsilçisi Sanjar Taşkenbayla döyüşəcək.
Yarımfinala adlayan boksçularımız bununla da ən azı bürünc medalı təmin ediblər. Final uğrunda döyüşlər iyulun 5-də baş tutacaq.