Quldurluqda ittiham olunan Elçin Təhməzov Bosniyadan Azərbaycana ekstradisiya edildi

Quldurluqda ittiham olunan Elçin Təhməzov Bosniyadan Azərbaycana ekstradisiya edildi

Agah.az xəbər verir ki, Ədliyyə Nazirliyi tərəfindən beynəlxalq axtarışda olan şəxslərin ölkəmizə gətirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində daha bir ekstradisiya reallaşıb.

Verilən rəsmi məlumata əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq etməkdə ittiham edilən və bu zaman zərərçəkmişə məxsus 120 min manat pul vəsaitini ələ keçirməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Təhməzov Elçin Bayram oğlu Bosniya və Herseqovinada saxlanılıb.

Bildirilib ki, Ədliyyə Nazirliyi tərəfindən qarşı tərəfə sorğu və tələb olunan sənədlər təqdim olunub, işçi danışıqlar aparılıb və nəticədə ekstradisiya ilə bağlı razılıq əldə edilib.

Qeyd edək ki, bu cinayət işi üzrə digər təqsirləndirilən şəxs – Ramil Məmmədov artıq 13 iyun 2025-ci il tarixində Azərbaycana gətirilib və istintaq orqanına təhvil verilib.

Elçin Təhməzov da Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsi və Penitensiar xidmətin əməkdaşları tərəfindən Sarayevo şəhərindən ölkəmizə gətirilib və məhkəmənin qərarı əsasında istintaq təcridxanasına yerləşdirilib.

Paylaş, agah et!