İlham Əliyev: Özbəkistana investisiya Azərbaycan üçün prioritet istiqamətdir

Agah.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə birgə mətbuata bəyanatında çıxış edərək, Özbəkistana yatırılan investisiyaların Azərbaycan üçün prioritet olduğunu vurğulayıb.
Prezident bildirib ki, bu prioritetin əsasında, ilk növbədə, Özbəkistanın Azərbaycan üçün dost və qardaş ölkə olması, eləcə də Prezident Mirziyoyevin həyata keçirdiyi uğurlu islahatlar nəticəsində ölkədə formalaşmış əlverişli investisiya mühiti dayanır. İlham Əliyev qeyd edib ki, bu səbəbdən Özbəkistan bu gün beynəlxalq səviyyədə investisiyalar üçün ən cəlbedici ölkələrdən biri hesab olunur.
Dövlət başçısı əlavə edib: “Biz bu gün ticarət dövriyyəsinin və qarşılıqlı investisiyaların artırılması niyyətimizi bir daha təsdiqlədik. Yaradılmış Birgə İnvestisiya Fondu artıq konkret layihələrlə təmin olunub. Artıq 10-dan çox layihənin investisiya qərarlarının qəbulu mərhələsində olduğu bildirildi. Fondun nizamnamə kapitalı 500 milyon dollar təşkil edir, lakin planlarımız bu rəqəmi bir neçə dəfə artırmağı nəzərdə tutur.”
Prezident İlham Əliyev enerji, turizm, tikinti, kənd təsərrüfatı və digər sahələr üzrə perspektivli layihələrin birgə icrasının qarşılıqlı investisiyaların daha da genişlənməsinə səbəb olacağını və bu əməkdaşlığın iki ölkə arasında möhkəm qardaşlıq münasibətlərini əks etdirdiyini vurğulayıb.