“SİMA İmza” rəqəmsal imzası “e-Səhiyyə” portalına inteqrasiya edildi

Agah.az xəbər verir ki, yeni nəsil rəqəmsal imza olan “SİMA İmza” artıq “e-Səhiyyə” veb-portalı və eyniadlı mobil tətbiqlə inteqrasiya olunub.
İnteqrasiya nəticəsində vətəndaşlara bir sıra səhiyyə xidmətlərindən onlayn formada yararlanmaq imkanı yaradılıb. Artıq istifadəçilər “SİMA İmza” vasitəsilə portala və ya tətbiqə daxil olaraq xəstəlik vərəqələri, tibbi arayışlar, reseptlər, epikrizlər, peyvənd məlumatları, analiz və müayinə nəticələri kimi sənədlərə elektron şəkildə çıxış əldə edə bilirlər.
Eyni zamanda, orqan donoru olmaq istəyən şəxslər də məsafədən müraciətlərini “SİMA İmza” ilə Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin rəsmi internet səhifəsi (odtkm.gov.az) üzərindən göndərə bilirlər.
Qeyd olunur ki, vətəndaşlar bu xidmətlərdən yararlanmaq üçün əvvəlcə “SİMA İmza” ilə “digital.login” sisteminə daxil olmalıdırlar.
“SİMA İmza” haqqında qısa məlumat:
“AzInTelecom” MMC tərəfindən hazırlanmış “SİMA İmza” rəqəmsal identifikasiya vasitəsidir və 4,2 milyondan çox yüklənmə ilə geniş istifadəçi kütləsinə sahibdir. Ödənişsiz təqdim olunan bu xidmət vətəndaşların fiziki xidmət mərkəzlərinə ehtiyacını aradan qaldırır, dövlət qurumlarının iş yükünü və xərclərini isə azaldır. Daha ətraflı məlumat üçün sima.az saytına daxil olmaq və ya “157” Çağrı Mərkəzinə müraciət etmək mümkündür.