Astara rayonunda Azərbaycanda ilk dəfə sənədləşdirilmiş qədim su hovuzu kompleksi aşkar edilib

Astara rayonunda Azərbaycanda ilk dəfə sənədləşdirilmiş qədim su hovuzu kompleksi aşkar edilib

Agah.az xəbər verir ki, Astara rayonunun Alaşa kəndi ərazisində yerləşən Əlişa qalasında aparılan arxeoloji qazıntılar zamanı Azərbaycanda ilk dəfə sənədləşdirilmiş qədim su hovuzu kompleksi aşkarlanıb.

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun ekspedisiya qrupu 2025-ci il iyunun 2-dən etibarən ərazidə tədqiqat işlərini həyata keçirir. Ekspedisiyaya rəhbərlik edən tarix üzrə fəlsəfə doktoru, dosent Mikayıl Mustafayevin sözlərinə görə, qazıntılar nəticəsində yoncavari (quatrefoil) formada inşa olunmuş daş hovuz kompleksi üzə çıxarılıb.

Onun sözlərinə görə, hovuz Lotos çiçəyi formasındadır və diametri təxminən 1,5 metrdir. Tikilinin daxilinə daimi su axını daş su arxları vasitəsilə təmin olunub və döşəməsi daş plitələrlə örtülüb. Qazıntılar zamanı hovuza bitişik divar qalıqları və tikintiyə aid əlavə elementlər də aşkarlanıb.

Tikintidə istifadə olunan materiallar və texnika əsasında hovuz kompleksinin eramızdan əvvəl I əsrdən eramızın III əsrinə qədər olan dövrə aid olduğu ehtimal edilir. Ərazinin qaya relyefi və yerləşmə xüsusiyyətləri hovuzun ictimai və ya ritual təyinatlı olduğunu göstərir.

Bu tip hovuz forması indiyədək yalnız Yaxın Şərq, İran və Aralıq dənizi sivilizasiyalarında müşahidə olunub. Onun ilk dəfə olaraq Azərbaycan ərazisində aşkar edilməsi ölkənin qədim memarlıq irsinin və mədəniyyət tarixinin araşdırılması baxımından mühüm elmi nailiyyət hesab olunur.

Hazırda arxeoloji qazıntı işləri davam etdirilir.

Paylaş, agah et!