Türkiyə müdafiə naziri Van vilayətində İranla sərhəddəki hərbi hissələri yoxlayıb

Agah.az xəbər verir ki, Türkiyənin milli müdafiə naziri Yaşar Gülər İranla sərhəddə yerləşən hərbi hissələrin vəziyyətini yerindəcə qiymətləndirmək üçün Van vilayətinə səfər edib. Bu barədə məlumatı “TRT Haber” yayıb.
Nazirlə yanaşı, Türkiyə Silahlı Qüvvələrinin yüksək rütbəli zabitləri də bölgədə olub. Səfərin məqsədi sərhəd təhlükəsizliyinin vəziyyətini yoxlamaq, həmçinin regional gərginlik fonunda müdafiə tədbirlərini gücləndirməkdir.
Qeyd edək ki, bölgədə gərginlik İsrail və İran arasında davam edən qarşılıqlı hücumlar səbəbindən artıb. Belə ki, iyunun 13-dən başlayaraq İsrail Hərbi Hava Qüvvələri İranın bir sıra şəhərlərində, xüsusilə nüvə obyektləri və yüksək rütbəli hərbçiləri hədəf alan genişmiqyaslı hücumlar həyata keçirib. Həmin hücumlar nəticəsində Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun rəhbər heyəti və 10-dan çox nüvə alimi həlak olub. Ümumilikdə, İran tərəfdə 200-dən çox mülki şəxs həyatını itirib.
İranın İsrailə cavab olaraq həyata keçirdiyi ballistik raket hücumları zamanı isə 24 nəfərin öldüyü, 500-dən çox insanın isə yaralandığı bildirilir.