Azərbaycanda “ASAN İmza” sertifikatlarının verilməsində azalma müşahidə olunub

Agah.az xəbər verir ki, 2025-ci ilin yanvar-may aylarında Azərbaycanda ümumilikdə 197 724 ədəd “ASAN İmza” elektron imza sertifikatı təqdim edilib. Bu barədə məlumatı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti yayıb.
Bildirilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 21% azalma deməkdir. Sözügedən dövrdə “ASAN İmza” ilə bağlı 131 490 müraciət qeydə alınıb ki, bu da illik müqayisədə 13,1% azalma göstərir.
Qeyd edək ki, “ASAN İmza” elektron imza sertifikatlarının üç növü mövcuddur:
-
fiziki şəxslər (vətəndaşlar) üçün,
-
hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün,
-
dövlət qulluqçuları üçün.
Fiziki şəxslər üçün nəzərdə tutulan sertifikatlar yalnız şəxsi istifadə məqsədilə istifadə olunur. Digər iki kateqoriyaya aid elektron imzalar isə istifadəçilərə təmsil etdikləri kommersiya və ya dövlət qurumunun adından rəsmi sənədlərə imza atmaq imkanı verir.
Verilən “ASAN İmza” sertifikatlarının hər biri 3 il müddətinə etibarlıdır.