Azyaşlıya qarşı cinayətdə təqsirləndirilən İsmayıl Quliyev və Alidə Dadaşovanın məhkəməsi keçirilib

Agah.az xəbər verir ki, 2002-ci ildə azyaşlıya qarşı törədilən ağır cinayət işi ilə bağlı təqsirləndirilən İsmayıl Quliyev və Alidə Dadaşovanın məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutub. Prosesə hakim Fəxri Məmmədov sədrlik edib.
Məhkəmə iclasında İsmayıl Quliyevin vəkili vəsatət qaldıraraq cinayət işinin əlavə araşdırma üçün prokurorluğa qaytarılmasını və hər iki təqsirləndirilən şəxsin barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyib. Lakin məhkəmə vəsatəti təmin etməyib və işin məhkəmə baxışına verilməsi barədə qərar qəbul olunub.
İttiham aktına əsasən, İsmayıl Quliyev Alidə Dadaşovanın azyaşlı qızına qarşı cinsi zorakılıq törədib. Daha sonra Alidə Dadaşova öz azyaşlı qızını boğaraq qətlə yetirib. Hadisə ilə bağlı cinayət işi 2024-cü ildə yenidən araşdırılıb və təqsirləndirilən şəxslər yaxın qohumlarının ifadələri əsasında məsuliyyətə cəlb olunublar.
Onlara qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir sıra ağır maddələri, o cümlədən:
-
120.2.1 – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə,
-
120.2.4 – xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə,
-
120.2.9 – aşkar köməksiz vəziyyətdə olan şəxsi qəsdən öldürmə,
-
29,120 maddələri – qəsdən adam öldürməyə cəhd,
-
150.3.3 – köməksiz vəziyyətdə olan şəxsə qarşı cinsi zorakılıq,
kimi ittihamlar irəli sürülüb.
Cinayət işinə dair araşdırmalar davam edir.