Ərdoğan və Putin İsrail-İran gərginliyindən narahatdırlar

Agah.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub. Danışıq zamanı liderlər İsrail və İran arasında artan gərginlikdən dərin narahatlıqlarını ifadə ediblər.
Kremlin yaydığı məlumata əsasən, telefon söhbətində əsas müzakirə mövzusu Yaxın Şərqdə vəziyyətin sürətlə gərginləşməsi olub. Hər iki lider İsrailin İrana qarşı hərbi əməliyyatlarını kəskin şəkildə pisləyib və bu münaqişənin artıq çoxsaylı insan tələfatı ilə nəticələndiyini, bölgə üçün ciddi təhlükələr yaratdığını bildiriblər.
Ərdoğan və Putin döyüşlərin dərhal dayandırılmasına və mübahisəli məsələlərin, o cümlədən İranın nüvə proqramına dair narahatlıqların yalnız siyasi-diplomatik yollarla həll olunmasına çağırıblar. Liderlər həmçinin bu mövzuda Türkiyə və Rusiya qurumlarının daha sıx əməkdaşlıq edəcəkləri barədə razılığa gəliblər.
Telefon danışığında Ukrayna məsələsi də gündəmdə olub. Prezident Putin, Rusiya-Ukrayna danışıqlarının təşkilində göstərdiyi dəstəyə görə Türkiyə tərəfinə təşəkkürünü bildirib.
Bundan əlavə, tərəflər ikitərəfli münasibətlərin aktual məsələlərini, xüsusilə enerji sahəsində əməkdaşlığı müzakirə ediblər. Bu məsələlər iyun ayının sonunda keçiriləcək Hökumətlərarası Komissiyanın iclası və Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində daha ətraflı nəzərdən keçiriləcək.