Bakıda qəza törədib əks istiqamətə qaçan sürücü saxlanılıb

Agah.az xəbər verir ki, Bakının Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınmağa çalışan sürücü saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, sürücü əvvəlcə yolda hərəkətdə olan digər avtomobilə çırpılıb, daha sonra isə piyada svetoforunu yararsız vəziyyətə salaraq hadisə yerindən yayınmağa cəhd edib. O, əks istiqamətli yol ilə hərəkət etməyə çalışarkən yol polisi əməkdaşları tərəfindən saxlanılıb və məsuliyyətə cəlb edilib.
Qəza nəticəsində piyada svetoforu sıradan çıxıb, digər avtomobilə ziyan dəyib. Hadisə ilə bağlı araşdırma aparılır.