Komandirin 150 min manatını ələ keçirən şəxs məhkəmə zalında həbs olundu

Agah.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, Azərbaycanda hərbi hissə komandiri – polkovnik-leytenant Altay Ələkbərovun 150 min manatı dələduzluq yolu ilə ələ keçirilib. Cinayəti törədən şəxs – Nurəli Məmmədov artıq məhkəmə zalında həbs edilib.
Məlumata görə, Müdafiə Nazirliyinin balansındakı metal qalıqlarının aşağı qiymətə satılması ilə bağlı Hərbi Prokurorluğun İstintaq İdarəsində cinayət işi başlanıb. Bu iş üzrə Altay Ələkbərov istintaqa cəlb olunub və dövlətə dəymiş ziyanın ödənilməsi ilə bağlı ona rəsmi göstəriş verilib.
Komandir cinayət işinə xitam verilməsi üçün alternativ yollar axtarıb və tanışları vasitəsilə Nurəli Məmmədovla əlaqə yaradıb. Məmmədov yüksəkvəzifəli tanışlarının kömək edəcəyini vəd edərək, rüşvət adı ilə 150 min manat tələb edib. Altay Ələkbərov bu vədə inanaraq banklardan kredit götürüb və pulu ona verib.
Lakin zaman keçsə də, iş həll olunmayıb. Nəticədə Məmmədov komandirin təzyiqləri qarşısında yalnız 110 min manatını qaytarıb. Ələkbərov həmin məbləğlə dövlətə dəymiş ziyanı ödəyərək işinə xitam verilməsinə nail olub. Lakin qalan 40 min manat üçün hüquq-mühafizə orqanlarına şikayət edib.
Araşdırmalar nəticəsində Nurəli Məmmədova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. Təqsiri sübuta yetirilən Məmmədov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs edilib.