Bakıda piyada məsuliyyətsizliyi qəza ilə nəticələndi – Avtomobil aşıb, xəsarət alan var

Agah.az xəbər verir ki, paytaxtın Xəzər rayonu, Qala–Pirallahı yolunda baş verən qəza anbaan kameraya düşüb. Yolun hərəkət hissəsindən qanunsuz və məsuliyyətsiz şəkildə keçmək istəyən piyada qəzanın birbaşa səbəbkarına çevrilib.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin yaydığı məlumata görə, hadisə zamanı avtomobillərdən biri idarəetməni itirərək aşıb, nəticədə sürücülərdən biri xəsarət alıb. Qəza minik avtomobillərinə və yol infrastrukturuna ciddi ziyan vurmaqla yanaşı, nəqliyyat sıxlığına da səbəb olub.
Hadisədən sonra piyada son anda canını qurtarsa da, bu cür davranışın yaratdığı təhlükə aydın şəkildə görünüb. Qurum vətəndaşlara xatırladır ki, “Yol hərəkəti haqqında” qanuna əsasən, piyadalar yalnız səki, piyada zolağı və ya keçidlərdən istifadə etməlidirlər. Sürücülər isə yola nəzarəti itirməmək üçün məsafə saxlamalı və hərəkət şəraitinə uyğun sürət seçməlidirlər.
Hadisə ilə bağlı araşdırma aparılır.