Hacıqabulda beş nəfərin ölümünə səbəb olan dəhşətli yanğınla bağlı TƏBİB-dən AÇIQLAMA – YENİLƏNİB
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Hacıqabulun Navahı qəsəbəsində baş verən yanğın zamanı xəsarət alanlarla bağlı açıqlama verib.
TƏBİB-dən AGAH.AZ-ın sorğusuna cavab olaraq bildirilib ki, oktyabrın 12-də saat bir radələrində Hacıqabul rayonunun Navahı qəsəbəsində taxta konstruksiyalı barak tipli yaşayış yerlərində yanğın baş verməsi barədə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə məlumat daxil olub:
“Baş verən yanğın nəticəsində xəsarət alan bir nəfər (qadın) sol-said nahiyəsinin birinci dərəcəli termiki yanığı diaqnozu ilə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. Ona xəstəxanada ilk tibbi yardım göstərilərək ambulator müalicə üçün evə buraxılıb.
11:25
Hacıqabulun Navahı qəsəbəsində baş verən yanğınla bağlı bəzi detallar məlum olub.
Oxu.Az-ın məlumatına görə, yanğın gecə saatlarında Hacıqabul rayonunun Nəvahı qəsəbəsində 80 yaşlı Mütəllim Mahmudovun taxta konstruksiyadan ibarət barak tipli yaşayış evində başlayıb.
Daha sonra yanğın digər evə də keçib.
Nəticədə ikisi azyaşlı olmaqla beş nəfər – 42 yaşlı Aybəniz Abışova, 73 yaşlı Sara Abışova, 80 yaşlı Mütəllim Mahmudov, 11 yaşlı Elgün Sadıqov və 13 yaşlı bacısı Zəhra Sadıqova yanaraq ölüblər.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Hacıqabul rayonunun Navahı qəsəbəsində fərdi yaşayış evində baş vermiş yanğın nazirliyin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Güclü yanğın nəticəsində xəsarət alan iki nəfər xəstəxanaya yerləşdirilib.
06:59
Hacıqabulun Navahı qəsəbəsində ikimərtəbəli yataqxana binasında baş verən güclü yanğın nəticəsində beş nəfər həyatını itirib, daha iki nəfər xəsarət alıb.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, yataqxanada məskunlaşmış Zəngilan sakinləri, ikisi azyaşlı olmaqla beş nəfər – 42 yaşlı Aybəniz Abışova, 73 yaşlı Sara Abışova, 80 yaşlı Mütəllim Mahmudov, 11 yaşlı Elgün Sadıqov və 13 yaşlı bacısı Zəhra Sadıqova yanaraq ölüblər.
Yanğın zamanı müxtəlif dərəcəli xəsarətlər alan şəxslər xəstəxanaya yerləşdiriliblər.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Hacıqabul rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Hazırda yanğın söndürülüb.
Faktla bağlı Hacıqabul Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.
(055) 436-46-45