Şəhid Camal İsgəndərovun xatirəsinə Biləsuvarda xatirə kompleksi açılıb

Agah.az xəbər verir ki, Biləsuvar rayonunun Bəydili kəndində I Qarabağ müharibəsi şəhidi Camal İsgəndərovun adının əbədiləşdirilməsi məqsədilə inşa edilən xatirə kompleksinin açılış mərasimi keçirilib.
Tədbirdə rayon rəhbərliyi, müharibə veteranları, şəhidin doğmaları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə Vətən uğrunda canından keçmiş bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxış edənlər Camal İsgəndərovun şərəfli döyüş yolundan, I Qarabağ müharibəsində göstərdiyi igidlikdən bəhs ediblər. Məktəblilərin səsləndirdiyi vətənpərvərlik ruhlu şeirlər mərasimə xüsusi rəng qatıb.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, 1974-cü ildə Bəydili kəndində doğulan Camal İsgəndərov 1992-ci ildə hərbi xidmətə çağırılıb və Kəlbəcər uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra onun adı kəndin mərkəzi küçələrindən birinə verilib.