Azərbaycanın 2026–2029-cu illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi açıqlanıb

Agah.az xəbər verir ki, Maliyyə Nazirliyi Azərbaycanın 2026–2029-cu illəri əhatə edən Ortamüddətli Büdcə Çərçivəsini (OBÇ) ictimaiyyətə təqdim edib. Sənəd nazirliyin rəsmi internet səhifəsində yerləşdirilib.
Çərçivə sənədi Prezidentin 24 avqust 2018-ci il tarixli fərmanı ilə təsdiqlənmiş “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”na, eləcə də Nazirlər Kabinetinin 28 yanvar 2025-ci il tarixli “2026-cı il dövlət büdcəsi layihəsinin hazırlanması haqqında” sərəncamına əsasən hazırlanıb.
Ortamüddətli Büdcə Çərçivəsində büdcə siyasətinin əsas istiqamət və hədəfləri, makro-fiskal çərçivə, Milli Xərc Prioritetləri, Ortamüddətli Resurs Zərfi, icmal və dövlət büdcələrinin gəlir və xərclərinə dair proqnozlar, eləcə də büdcə xərclərinin funksional təsnifatı üzrə sektorlarda nəzərdə tutulan proqramlar üçün ayrılacaq vəsaitlərin yuxarı sərhədləri yer alır.