Hesablama Palatası İğdır-Naxçıvan qaz kəmərinin tikintisini audit edib

Agah.az xəbər verir ki, 2024-cü ildə Hesablama Palatası İğdır-Naxçıvan qaz kəmərinin tikintisi layihəsini audit edib. Bu barədə qurumun sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, audit sözügedən layihə üzrə həmkar ali audit orqanı ilə paralel şəkildə aparılıb. V.Gülməmmədov qeyd edib ki, ötən il Palatanın beynəlxalq əməkdaşlığı da genişlənib. Belə ki, Azərbaycan ev sahibliyi etdiyi nüfuzlu beynəlxalq tədbirdə ali audit qurumu kimi iştirak edib və “Hökumətlər iqlim sahəsində fəaliyyətlərində hansı mərhələdədirlər? – İqlim Skaneri qiymətləndirməsinin nəticələri” mövzusunda beynəlxalq müzakirələr aparılıb.
Bundan əlavə, Hesablama Palatası ilk dəfə olaraq Ali Audit Orqanlarının Asiya Təşkilatının (ASOSAI) İdarə Heyətinə üzv seçilib.