Sumqayıtda yeniyetmə qızın döyülməsi ilə bağlı görüntülər araşdırılır

Agah.az xəbər verir ki, sosial şəbəkələrdə yeniyetmə qızın döyülməsini əks etdirən görüntülərlə bağlı Daxili İşlər Nazirliyi tərəfindən araşdırmalara başlanılıb. Bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli məlumat verib.
O bildirib ki, sosial şəbəkələrdə yayılan və azyaşlılar arasında baş verən mübahisəni əks etdirən görüntülərlə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən müvafiq tədbirlər görülür: “Hadisəyə cəlb olunan tərəflər müəyyən olunub və polis orqanına dəvət ediliblər. Hazırda profilaktik tədbirlər davam etdirilir”.
Məlumatlara görə, döyülən yeniyetmə qız amansız fiziki zorakılığa məruz qalıb və bu anlar mobil telefonla çəkilərək sosial şəbəkələrdə yayılıb. Hadisənin Sumqayıt şəhəri ərazisində baş verdiyi və zorakılıq göstərən şəxsin də şəhər sakini olduğu iddia edilir.