Moskvada keçirilən reyd zamanı 25 xarici vətəndaşın yaşayış rejimi pozduğu müəyyən edilib

Agah.az xəbər verir ki, Moskvanın şimalında keçirilən polis reydi zamanı Rusiyada miqrasiya qanunvericiliyini pozan 25 nəfər xarici vətəndaş aşkar edilib. Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Aprelin 10-da polis əməkdaşları, Rusiya Federal Təhlükəsizlik Xidmətinin regional bölmələri və “Rosqvardiya”nın iştirakı ilə Timiryazevski rayonunda yerləşən bir binada yoxlama aparıblar. Yoxlama nəticəsində ümumilikdə 59 xarici vətəndaş saxlanılıb. Onlardan 25 nəfərə qarşı Rusiya İnzibati Xətalar Məcəlləsinin 18.8-ci maddəsi (göç və yaşayış qaydalarının pozulması) əsasında inzibati tədbirlər görülüb.
Bundan əlavə, yoxlama zamanı həmin şəxslərdən 6-nın əmək müqaviləsi olmadan qanunsuz işlədiyi müəyyən olunub.
Qeyd edək ki, bu gün Qırğızıstan Xarici İşlər Nazirliyi Rusiyanın Bişkekdəki səfiri Sergey Vakunova nota təqdim edib. Nota, Moskvanın “Bodrost” hamam kompleksində qırğız vətəndaşlarının kütləvi saxlanılması və onlara qarşı güc tətbiqi ilə bağlı insidentə görə verilib.