Perinatal Mərkəzdə 7 körpənin öldüyü yanğınla bağlı məhkəmə davam edir: Zərərçəkənlər ifadə verdi

Agah.az xəbər verir ki, “Respublika Perinatal Mərkəzi”ndə 7 körpənin həyatını itirdiyi dəhşətli yanğınla bağlı cinayət işi üzrə məhkəmə prosesi davam edir. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasa hakim Leyla Əsgərova-Məmmədova sədrlik edib.
Prosesdə zərərçəkmiş kimi tanınan Gülbahar Zülfüqarova və Vaqif Hacıyev ifadə veriblər. Gülbahar Zülfüqarova bildirib ki, hadisə zamanı mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi yardım şöbəsində “mamaça” vəzifəsində çalışıb və həmin gün növbədə olub:
“Bizim şöbə birinci mərtəbədə yerləşir. Hadisə isə dördüncü mərtəbədə baş verib. Mən ora cavabdeh deyiləm. Kimsə dedi ki, yanğın olub. Qalxdım yuxarı, soruşdum ki, aidiyyəti qurumlara məlumat vermisiniz? Dedilər, yalnız polisə bildirilib. Mən dərhal aidiyyəti orqanlara və Mehriban xanıma xəbər verdim.”
Zülfüqarova əlavə edib ki, küveyzdə saxlanılan uşaqlara müdaxilə edə bilməyib, çünki onların nəzarəti yalnız həkimlərin səlahiyyətində olub.
Daha sonra mərkəzin daxili mühafizəçisi Vaqif Hacıyev ifadə verib:
“Hadisə vaxtı yeməyə gec getmişdim. Resepşından zəng gəldi, amma nə baş verdiyini anlamadım. 4-cü mərtəbədə yanğın olduğunu eşitdim. Balon götürüb ora qaçdım. Rəhbərlik yanğınsöndürənlərdən əvvəl ora çatmışdı. Küveyzlərin təhlükəsiz yerə köçürülməsi üçün bizə göstəriş verdilər və köməklik etdik.”
Hər iki şəxs özlərinin iş üzrə zərərçəkmiş kimi tanınmasını istəmədiklərini bildirib. Məhkəmədə bəzi zərərçəkmiş şəxslər iştirak etməyib. Bu səbəbdən onlar barəsində məcburi gətirilmə qərarı verilib.
Məhkəmə prosesi aprelin 28-də davam etdiriləcək.
Açar sözlər: Respublika Perinatal Mərkəzi, körpələrin ölümü, yanğın hadisəsi, məhkəmə iclası, Gülbahar Zülfüqarova, Vaqif Hacıyev, Bakı Ağır Cinayətlər Məhkəməsi, küveyzdə körpələr
Açar cümlələr: Perinatal Mərkəzdə 7 körpənin öldüyü yanğın, zərərçəkmişlərin məhkəmədə ifadəsi, Bakı Ağır Cinayətlər Məhkəməsində yanğın işi, Perinatal Mərkəzdə məhkəmə prosesi davam edir