“Falçılıq” adı ilə dələduzluq edən iki qadın saxlanıldı

Agah.az xəbər verir ki, sosial şəbəkələrdə falçılıq və baxıcılıq adı altında dələduzluqla məşğul olan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, paytaxt sakini bir kişi “TikTok” platformasında fala baxmaq məqsədilə elan yerləşdirən səhifələrdən birinə müraciət edib. Onunla əlaqə saxlayan iki qadın 500 manat tələb edərək yalan vədlərlə pulu kart hesabına köçürməsini istəyiblər. Pul köçürüldükdən sonra isə səhifə bloklanıb və nömrəyə zəng çatmayıb. Zərərçəkmiş şəxs bu zaman dələduzluqla qarşılaşdığını anlayaraq polisə müraciət edib.
Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində fala baxmaq adı ilə vətəndaşdan pul alan 46 yaşlı G.Mirzəyeva və 24 yaşlı Ə.Abbasova saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
DİN bir daha sosial şəbəkə istifadəçilərinə yalan vədlərə inanmamağı, heç bir ödəniş etməməyi və şəxsi məlumatlarını paylaşmamağı tövsiyə edir.