Ağcabədidə qadınların məşğulluğa çıxış imkanları genişləndirilir – FOTO
Ağcabədi rayonunda qadınların məşğulluğunun artırılması, sahibkarlıq istiqamətində təmsilçiliyinin və cəmiyyətdəki nüfuzunun yüksəldilməsi məqsədilə “Qadınların məşğulluq imkanlarının genişləndirilməsinə dəstək” adlı layihənin icrasına başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisinin rəhbəri Radə Qafarova layihə barədə ətraflı məlumat verib.
Bildirib ki, məqsəd həssas əhali qrupundan olan qadınların davamlı olaraq məşğulluğuna dəstək olmaq, həmçinin onların kiçik sahibkar kimi formalaşmalarına, bilik, bacarıqlarının artırılmasına, müvafiq peşəyə yiyələnmələrinə təkan verməkdir.
Layihə çərçivəsində qadınlar üçün öz biznesini qurması və sahibkarlıq fəaliyyətini formalaşdırılması istiqamətində bilik və bacarıqlarının artırılması üzrə təlimlər, eyni zamanda, müxtəlif peşə kursları təşkil ediləcək.
Peşəkar mütəxəssislər tərəfindən müdavimlərə nəzəri biliklərlə yanaşı, istehsalat təcrübəsi zamanı praktiki bilik və bacarıqlar da tədris olunacaq.
Kursu müvəffəqiyyətlə bitirən şəxslərə sertifikat veriləcək və məşğulluğunun təmin edilməsinə dəstək göstəriləcək.
Güvən Xeyriyyə İctimai birliyinin sədri Nigar Bayramlı qeyd edib ki, dövlət məşğulluq siyasətinin prioritetlərindən biri də qadınların əmək bazarında iştirak və məşğulluq imkanlarının artırılmasıdır.
Bu siyasətə dəstək məqsədilə qeyri-hökumət təşkilatları da müxtəlif təşəbbüslərlə çıxış edir. Həyata keçiriləcək bu layihədə də məhz dövlət-özəl və qeyri-hökumət təşkilatlarının birgə əməkdaşlığı mühüm əhəmiyyət kəsb edir.
Digər çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin əməkdaşı Sərraf Nağıyev, Fairmont Bakı Otelinin Heyətin idarə olunması departamentinin direktoru Fidan Hüseynova və Təlim və inkişaf üzrə menecer Şəbnəm Nəbizadə də layihə iştirakçılarına uğurlar arzulayıb.
Qadınların əmək bazarında iştirak və məşğulluq imkanlarının artırılmasında bundan sonra da lazımi dəstək göstərəcəklərini vurğulayıblar.
(055) 436-46-45