Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində əməliyyat: İki vəzifəli şəxs rüşvət almaqda ittiham olunur

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində əməliyyat: İki vəzifəli şəxs rüşvət almaqda ittiham olunur
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Baş Prokurorluq Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində keçirilən əməliyyatın detallarını açıqlayıb.

Baş Prokurorluqdan verilən məlumata görə, agentliyin Dövlət Texniki Nəzarət Şöbəsinin müdir müavini Rəşad Yolçiyev və 1 saylı Dövlət Aqrar İnkişaf Mərkəzinin Texniki Nəzarətin Təşkili Sektorunun müdiri Arif Həsənovun xidməti vəzifələrini icra edərkən müxtəlif şəxslərdən rüşvət aldıqlarına dair daxil olan məlumatlar əsasında əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Bu tədbirlər nəticəsində Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Açıqlamada bildirilib ki, əməliyyat nəticəsində Rəşad Yolçiyev və Arif Həsənovun qabaqcadan əlbir olaraq 2022-2025-ci illər ərzində kənd təsərrüfatı və digər təyinatlı nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması, texniki baxışın keçirilməsi və digər xidmətlər üçün çoxsaylı şəxslərdən müxtəlif məbləğlərdə rüşvət aldıqlarına dair əsaslı şübhələr aşkar edilib. Həmçinin, əməliyyat-axtarış tədbirləri zamanı vəzifəli şəxslərin xidməti otaqlarında axtarış aparılıb və iş üçün əhəmiyyət kəsb edən sübutlar götürülüb.

İş üzrə toplanmış ilkin sübutlara əsasən, Rəşad Yolçiyev və Arif Həsənov Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə ittiham edilib. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barələrində ev dustaqlığı və vəzifədən kənarlaşdırma qətimkan tədbirləri seçilib.

Dostuna göndər xəbərdən agah olsun: