İlham Əliyev: “Ermənistanın iki şərtimizi qəbul etməsi sülh müqaviləsini imzalamağa maneə qoymaz”

İlham Əliyev: “Ermənistanın iki şərtimizi qəbul etməsi sülh müqaviləsini imzalamağa maneə qoymaz”
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Prezident İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə mətbuata verdiyi bəyanatında, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin mətni barədə ətraflı məlumat verib. Dövlət başçısı bildirib ki, bu günə qədər sülh müqaviləsinin mətni tam razılaşdırılıb və 17 paraqrafdan ibarətdir. Prezident Əliyev qeyd edib ki, Azərbaycan burada hər hansı bir əlavə şərt irəli sürmür, çünki Azərbaycanın şərtləri Ermənistan üçün artıq bəllidir və bunlar uzun müddət ərzində irəli sürülüb.

Dövlət başçısı, ancaq Ermənistan tərəfindən bu şərtlərə hələ də ciddi cavab alınmadığını vurğulayıb. Bu şərtlərdən birincisi, ATƏT-in Minsk qrupunun ləğv edilməsidir. İkinci məsələ isə Ermənistanın konstitusiyası ilə bağlıdır: “Ermənistan konstitusiyasında, müstəqillik aktına istinad var. Orada Azərbaycanın hüquqi, tarixi ərazisinin Ermənistanla birləşməsi haqqında müddəa mövcuddur və bu, bizim üçün açıq ərazi iddiası sayılır. Ona görə də Ermənistan konstitusiyasından bu bəndin çıxarılması bizim legitim tələbimizdir.”

Prezident İlham Əliyev əlavə edib ki, bu iki şərt təmin olunduğu təqdirdə, sülh müqaviləsinin imzalanmasında heç bir maneə olmayacaq. “Necə deyərlər, top Ermənistanın tərəfindədir. Əgər Ermənistan doğrudan da sülh müqaviləsini imzalamaq istəyirsə, Azərbaycanın bu iki legitim şərtini qəbul etməlidir.”

Dostuna göndər xəbərdən agah olsun: