Almaniyanın səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırıldı: Ermənistana səfər və qondarma rejimin bayrağını paylaşmaqla bağlı etiraz bildirildi
Agah.az xəbər verir ki, martın 31-də Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemann Xarici İşlər Nazirliyinə çağırılıb.
Görüşdə, Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Ermənistana səfəri zamanı rəsmi Instagram səhifəsində Azərbaycanın keçmiş işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin bayrağını paylaşması ilə əlaqədar ciddi etiraz bildirilib. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı edilən bu paylaşımın qəbuledilməz olduğu vurğulanıb.
Görüş zamanı, bu siyasi təxribatın Almaniya tərəfi tərəfindən ictimai şəkildə üzrxahlıq edilməsini zəruri olduğu diqqətə çatdırılıb. Eyni zamanda, Almaniya Prezidentinin bu paylaşımının Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən bəyanatlara zidd olduğu qeyd olunub.
Qarabağ bölgəsinin erməni sakinləri ilə bağlı ifadə edilən fikirlər ətrafında, Azərbaycanın keçmiş işğal olunmuş ərazilərindən və Ermənistandan zorla qovulmuş 1 milyondan artıq azərbaycanlının hüquqlarına nəzər yetirilməməsinin Azərbaycana qarşı qərəzli münasibət olduğunu göstərdiyi qeyd edilib.
Azərbaycanın münaqişəni hərbi-siyasi yolla həll etdiyi, ərazi bütövlüyünü bərpa etdiyi və Dağlıq Qarabağ adlı inzibati vahidin mövcud olmadığı bildirilib. Bu ərazilərə istinad edərkən, siyasi qərəzli və saxta adlardan istifadə etməmək tövsiyə olunub.