Özbəkistan və Qazaxıstan 4 milyard dollardan çox investisiya layihəsi formalaşdırıb

Agah.az məlumat verir ki, Özbəkistan və Qazaxıstan 4 milyard dollardan çox məbləğdə birgə investisiya layihələri portfeli formalaşdırıb.
Özbəkistan Prezidentinin mətbuat xidməti tərəfindən verilən məlumata görə, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və onun qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayev Almatı şəhərində qeyri-rəsmi görüş keçiriblər.
Görüşdə iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin dərinləşdirilməsi məsələləri müzakirə edilib. Məlumatda bildirilir ki, ticarət dövriyyəsinin həcmi ilin əvvəlindən 14 faiz artıb və 4 milyard dollardan çox məbləğdə birgə investisiya layihələri portfeli formalaşdırılıb. Eyni zamanda, regionlararası sıx əlaqələr və mədəni-humanitar mübadilə inkişaf etdirilir.
Dövlət başçıları, hər iki ölkənin baş nazirlərinin müavinlərinin qarşılıqlı ticarətin artırılması, elektrotexnika, neft-qaz, toxuculuq, aqrar və digər prioritet sahələrdə aparıcı müəssisələrin əməkdaşlıq layihələrinin genişləndirilməsi barədə hesabatlarını dinləyiblər.
Prezidentlər həmçinin uzunmüddətli sənaye əməkdaşlığı proqramının formalaşdırılması və regional əhəmiyyətli infrastruktur layihələrinin həyata keçirilməsinin sürətləndirilməsi üçün konkret tapşırıqlar veriblər.